DİLÇİLİK ARAŞDIRMALARI

AMEA Nəsimi adına Dilçilik İnstitutunun rəsmi elmi jurnalı

Dilçilik Araşdırmaları

Elmi-nəzəri jurnal

ISSN 2664-5432 (Print)

    

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun təsisçisi olduğu “Dilçilik araşdırmaları” jurnalının 2021-ci il üçün sonuncu nömrəsi çapdan çıxıb.

Məcmuənin bu nömrəsində müasir Azərbaycan dilçiliyi, türkoloji dilçilik, nəzəri və tətbiqi dilçiliyin tədqiqinə aid müxtəlif məqalələr öz əksini tapıb.

“Gənc dilçilər” bölməsində gənc doktorant və dissertantların məqalələri işıqlandırılıb. “Ömür yolu” bölməsində akademik Möhsün Nağısoylu, Osman Fikri Sərtkaya, professorlar İsmayıl Məmmədli və Şükrü Haluk Akalının yubileyləri ilə bağlı müəllif yazıları dərc olunub.

“Nizami Gəncəvinin 880 illiyi” adlı xüsusi bölmədə isə professor İsmayıl Məmmədlinin “Böyük Azərbaycan şairi Nizami Gəncəvi”, dosentlər Kubra Quliyevanın “Nizami Gəncəvinin “Xəmsə”sində ay kosmonimi” və Füzuli Mustafayevin “Nizami” bədii filminin dilində xalq sözləri və xalq ifadələri” sərlövhəli məqalələri yer alıb.

“Dilçilik araşdırmaları” jurnalı ildə iki dəfə nəşr olunur. Jurnalın növbəti nömrəsi üçün məqalə qəbulu davam edir.

Baş Redaktordan

  Dilçilik araşdırmaları jurnalı akademik səviyyədə hazırlanan, yerli və beynəlxalq elmi heyət tərəfindən müsbət qiymətləndirilən Azərbaycan, rus və ingilis dillərində orijinal məqalələrin dərcini həyata keçirir. Müəlliflərin şəxsi maraqlarını ifadə edən və elmi bazası olmayan məqalələr qəbul edilmir. Jurnal: "Azərbaycan dilçiliyi", "Türkoloji dilçilik", "Nəzəri və tətbiqi dilçilik", "Tarixi və müqayisəli dilçilik", "Gənc dilçilər", "Ömür yolu", "Rəylər", "Yeni nəşrlər" adlı bölmələrdən ibarətdir. "Gənc dilçilər"bölməsində doktorant və dissertanların, elm yoluna qədəm qoyan gənc alimlərin məqalələri işıqlandırılır, "Yeni nəşrlər" bölməsində, əsasən İnstitut əməkdaşlarının dilçiliyin müxtəlif sahələrinə aid yeni çap olunan kitabları tanıdılır.

   Jurnalda həmçinin məşhur dilçi alimlərin ömür yolu, yubiley və anım günlərinə aid yazılar, xatirələr dərc olunur, əlamətdar tarixlər, konfrans, simpozium materialları və xüsusi günlər haqqında məlumatlar verilir.

   Jurnal  AMEA-nın Nizamnaməsi ilə təsdiq edilmiş, Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya komissiyasının tövsiyə etdiyi elmi nəşrlərin siyahısına daxildir.